Azərbaycan.media xəbər verir ki, Azərbaycan milli radiosu şərəfli tarixinin 100-cü ilini qeyd etdiyi bir dövrdə efir məkanımızın ən unikal və əvəzsiz hadisələrindən biri olan “Axşam görüşləri” verilişi artıq 51-ci ilinə qədəm qoyub. Bu, təkcə bir radio proqramının yubileyi deyil, bütövlükdə milli mətbuat və mədəniyyət tariximizin yarım əsrlik canlı salnaməsidir.
Uzun illərdir ki, Azərbaycan radiosunun tarixini və müxtəlif dövrlərini ardıcıl araşdıran bir tədqiqatçı kimi bu efir tarixinin həm mərhələləri, həm də onu yaradan şəxsiyyətlər mənə yaxşı məlumdur. “Axşam görüşləri” isə həmin salnamədə ayrıca, xüsusi və misilsiz yer tutur. Bu veriliş milli mətbuat tariximizdə məşhur qəzet və jurnallarla bir sırada dayanan, zamanın sınağından çıxmış dəyərli efir hadisəsidir.
“Axşam görüşləri”ni müstəsna edən əsas cəhət ondan ibarətdir ki, veriliş artıq 51 ildir hər bazar günü bir saatlıq həcmdə efirə çıxır və bütün bu müddət ərzində onun müəllifi və aparıcısı dəyişməz olaraq bir nəfər – akademik Rafael Hüseynovdur. Bu fakt təkcə Azərbaycan radio-televiziya məkanı üçün deyil, ümumilikdə dünya efiri üçün son dərəcə nadir və diqqətəlayiq hadisədir.
Dünyanın müxtəlif ölkələrində uzunömürlü radio və televiziya proqramları olub və var. Lakin belə verilişlər adətən illər ərzində müxtəlif müəlliflər və aparıcılar tərəfindən hazırlanır. “Axşam görüşləri” isə yarım əsrdən artıqdır ki, Rafael Hüseynovun dəyişməz imzası, düşüncə tərzi, intellektual üslubu ilə səslənir və artıq ömrünün ikinci yarım əsrinə qədəm qoyub.
1960–1980-ci illərdə, radionun hər evin ayrılmaz hissəsi olduğu dövrlərdə “Axşam görüşləri”nin dinləyici auditoriyası xüsusilə geniş idi. Televiziya və internetin efir məkanında üstünlük qazandığı indiki dövrdə belə bu verilişin köhnə, sadiq və sabit dinləyiciləri bütün Azərbaycan boyu kifayət qədərdir. Şəxsən mən özüm də həmin dinləyicilərdən biriyəm və 1975–1976-cı illərdən, verilişin “Axşamınız xeyir” adı ilə yayımlandığı vaxtlardan bu günə qədər onu izləyirəm. Sonuncu dəfə “Axşam görüşləri”ni 2026-cı il yanvarın 4-də dinləmişəm.
Bu mənada, həm ən stajlı dinləyicilərdən biri, həm də mətbuat tədqiqatçısı kimi “Axşam görüşləri” kimi dünya efiri üçün də unikal hadisə sayılan bu veriliş haqqında söz deməyi özüm üçün həm səlahiyyət, həm də mənəvi borc hesab edirəm.
Rafael Hüseynov bu verilişi hazırlamağa başlayanda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tələbəsi idi. Bu gün isə akademikdir, bir sıra yüksək vəzifələr tutur. Lakin bütün bu illər ərzində “Axşam görüşləri”ni 50 il əvvəlki həvəs, enerji və zaman keçdikcə artan yüksək peşəkarlıqla davam etdirir. Bu, efir üçün nadir sədaqət nümunəsidir və dərin ehtiram doğurur.
Veriliş yarım əsr ərzində Azərbaycan mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və ictimai düşüncəsinin ən görkəmli simalarını efirə gətirib. Rəsul Rza, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Arif Məlikov, Şəmsi Bədəlbəyli, Bəxtiyar Vahabzadə, Vaqif Mustafazadə və onlarla başqa böyük sənətkarın səsi, xatirələri, baxışları məhz “Axşam görüşləri” vasitəsilə milli yaddaşımıza köçürülüb.
Xüsusilə qeyd olunmalıdır ki, caz dahisi Vaqif Mustafazadə ilə 1979-cu ilin noyabrında lentə alınmış və onun ölümündən bir neçə gün əvvəl baş tutan 45 dəqiqəlik müsahibə bu günə qədər qalmış yeganə geniş səsli etirafdır. Bu müsahibə “Axşam görüşləri”nin millətə bəxş etdiyi ən qiymətli səs yadigarlarından biridir.
Ümumilikdə, Rafael Hüseynovun “Axşam görüşləri” çərçivəsində hazırladığı 2500-dən artıq veriliş Azərbaycan mədəniyyət tarixi üçün misilsiz bir səs xəzinəsi formalaşdırıb. Bu arxiv yalnız efir irsi deyil, həm də gələcək nəsillər üçün etibarlı elmi və mədəni mənbədir.
“Axşam görüşləri” eyni zamanda efir dilinin, nitq mədəniyyətinin, səlis və anlaşıqlı Azərbaycan dilinin də nümunəvi məktəbidir. Veriliş yarım əsrdən artıqdır ki, milli dilimizin gözəlliyini və ifadə imkanlarını dinləyicilərə təqdim edir və bu baxımdan əlamətdar bir azərbaycançılıq hadisəsidir.
2025-ci ildə yarım əsrlik yubileyini tamamlayan “Axşam görüşləri” 2026-cı illə birlikdə artıq ömrünün ikinci yarım əsrinə başlayıb. Azərbaycan efirində salnamə yazılmaqda davam edir. Rafael Hüseynovlu “Axşam görüşləri” bu gün də dalğa-dalğa efirdədir və milli yaddaşımızı zənginləşdirməkdədir.
Müəllif: Qulu Məhərrəmli
Azərbaycan.media
