Azərbaycan.media xəbər verir ki, daxili imkanlar və mövcud ştat vahidləri hesabına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat müəssisələrində Rəqəmsal elm sahəsi və süni intellekt, regionlarda yerləşən elmi bölmələr və elmi mərkəzlərdə isə Rəqəmsallaşma və süni intellekt şöbələrinin yaradılması barədə qərarlar qəbul olunub.
Müvafiq qərar AMEA-nın Rəyasət Heyətinin iclasında təsdiqlənib.
İclasda həmçinin bildirilib ki, yaxın günlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mövcud ştat vahidləri və daxili imkanlar hesabına “Müasir Azərbaycan dili” şöbəsinin bazasında “Müasir Azərbaycan dili və nitq mədəniyyəti” şöbəsi yaradılacaq.
Bununla yanaşı, iclasda bir sıra kadr məsələlərinə də baxılıb. Filologiya elmləri doktoru İsmayıl Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərov həmin institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru Sayalı Sadıqova Terminologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Lalə Qurbanova Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov isə Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri vəzifəsinə təsdiqlənib.
Eyni zamanda, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ədəbi-mədəni mühit və folklor şöbəsinin, tarix üzrə fəlsəfə doktoru Rahim Həsənov həmin mərkəzin Tarix və epiqrafika şöbəsinin, Elşən Abdurahmanov isə Arxeologiya və etnoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
