Azərbaycan.media xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Konfutsi Mərkəzinin rəhbəri Li Jihuanı qəbul edib.
Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəhbəri Li Jihua və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin İcraçı direktoru Aqşin Bağırov iştirak ediblər.
Görüş zamanı Azərbaycan–Çin təhsil və mədəni əməkdaşlığının genişləndirilməsi istiqamətində növbəti mühüm addım atıldığı bildirilib. Xüsusilə qeyd olunub ki, ADU-nun Konfutsi İnstitutunun filialı yaxın gələcəkdə Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində fəaliyyətə başlayacaq.
Konfutsi İnstitutunun filialının yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, həmçinin beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Filial çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, eləcə də müxtəlif elmi-mədəni tədbirlərin təşkili planlaşdırılır.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.


Mənbə: Azərbaycan.media
