Azərbaycan.media xəbər verir ki, qış mövsümünə xas qeyri-sabit hava şəraiti yol hərəkətində, xüsusilə piyadalar üçün ciddi risklər doğurur.
Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, gün işığının az olması, yağış və qar nəticəsində yol örtüyünün sürüşkənliyi və görünmə məsafəsinin azalması piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayını artırır.
Statistik göstəricilər də bunu təsdiqləyir: ötən gün piyadaların vurulması ilə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrdə üç nəfər həyatını itirib.
Araşdırmalar göstərir ki, bu cür hadisələrin baş verməsində piyadaların hava şəraitini düzgün qiymətləndirməməsi, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi, qəfil şəkildə hərəkət hissəsinə çıxması və piyada keçidlərinə laqeyd yanaşması əsas amillərdən biridir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək bildirir ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin şəxsi məsuliyyətidir. Hər bir piyada öz həyatının və sağlamlığının qorunmasına ciddi yanaşmalı, yol hərəkəti qaydalarına əməl etməli və xüsusilə əlverişsiz hava şəraitində daha diqqətli olmalıdır.
Qeyd olunur ki, yolda atılan hər bir yanlış addım ağır nəticələrə səbəb ola bilər, qaydalara əməl etmək isə həyatın qorunmasının əsas şərtidir.
