Azərbaycan.media xəbər verir ki, bəzi dondurulmuş qidaları əridikdən sonra yenidən dondurmaq sağlamlıq üçün risk yaradır.
Əridilmiş qidalarda, xüsusən çiy ət, qiymə, quş əti, balıq və dəniz məhsulları kimi məhsullarda bakteriyalar sürətlə çoxala bilər. Mütəxəssislər bildirirlər ki, dondurulmuş qidalar əridikdə mikroorqanizmlər yenidən aktivləşir və bu qidaları təkrar dondurmaq onları məhv etmək əvəzinə, bakteriyaların daha davamlı olmasına gətirib çıxara bilər.
Qida təhlükəsizliyi mütəxəssislərinin sözlərinə görə, ilk ərimə zamanı qida maye itirir və bu da bakteriyalar üçün əlverişli mühit yaradır. Təkrar dondurma və əritmə mərhələsində isə mikroorqanizmlərin sayı sürətlə artır.
Əridilmiş çiy məhsullar yalnız tam bişirildikdən sonra yenidən dondurulmalıdır. Əks halda, bu qidaların çiy şəkildə təkrar dondurulması qida zəhərlənməsi riskini artırır.
