🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qızardılmış balıq insult riskini artıra bilər – amerikalı alimlərdən xəbərdarlıq

Azərbaycan.media xəbər verir ki, balıq sağlamlıq və ürək üçün faydalı qida hesab edilsə də, amerikalı həkim və alimlər qızardılmış balığın insult riskini artıra biləcəyini bildirirlər.

 Alabama Universitetindən professor Corc Hovardın rəhbərliyi ilə aparılan araşdırma qızardılmış balıq istehlakı ilə insult halları arasında əlaqə olduğunu göstərib. Tədqiqatçılar xüsusilə Alabamada geniş yayılmış yerli qızardılmış balıq növünün bu ştatda insult hallarının daha çox qeydə alınmasının əsas səbəblərindən biri ola biləcəyini vurğulayıblar.

Alimlərin sözlərinə görə, Alabama və ona qonşu bir neçə ştat “insult kəməri” adlandırılan bölgəyə daxildir. Bu ərazilərdə insultun yayılma tezliyi ABŞ-ın digər ştatları ilə müqayisədə təxminən 30 faiz daha yüksəkdir. Mütəxəssislər bunu yerli əhalinin həftədə ən azı iki porsiya qızardılmış balıq istehlak etməsi ilə əlaqələndirirlər ki, bu da bölgənin ənənəvi qidalanma vərdişlərindən biridir.

Amerika Ürək Assosiasiyası həftədə iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə etsə də, Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali Karolina, Cənubi Karolina və Tennessi ştatlarında yaşayanların bu tövsiyəyə əməl etmə ehtimalı 17 faiz daha azdır.

Araşdırma zamanı bildirilib ki, afroamerikalılar ağdərililərə və ölkənin digər bölgələrində yaşayanlara nisbətən daha çox qızardılmış balıq yeyirlər. Bu amil qızardılmış balıq istehlakının insult riskini artıra biləcəyini göstərsə də, alimlər qəti nəticə üçün əlavə tədqiqatlara ehtiyac olduğunu qeyd edirlər.

Qeyd edək ki, tədqiqata yaşı 45 və yuxarı olan 21 min 675 nəfər cəlb edilib. Statistik məlumatlara əsasən, Alabamada insult göstəricisi hər 100 min nəfərə 125 nəfər olduğu halda, ölkə üzrə orta göstərici hər 100 min nəfərə 98 nəfər təşkil edir.