Azərbaycan.media xəbər verir ki, Ermənistan İqtisadiyyat Nazirliyi Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının göndəriləcəyini təsdiqləyib.
Qeyd olunur ki, bu dəfə Azərbaycandan Ermənistana 1000 ton A92 markalı benzini, eyni miqdarda dizel yanacağı və 1800 ton A95 benzini daşınacaq. Xatırladaq ki, Azərbaycandan Ermənistana ilk neft məhsullarının idxalı 2025-ci ilin sonunda baş tutub. Həmin vaxt 22 vaqondan ibarət qatar 1218 ton A95 benzini Ermənistana aparıb.
Modern.az-a açıqlamasında Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinə toxunan iqtisadçı İlham Şaban bildirib ki, iki ölkə arasındakı ticarət kommersiya əsaslı müqavilələrlə tənzimlənir. Bu satışlar birbaşa dövlət səviyyəli deyil, şirkətlərarası olduğundan ictimaiyyətə dərhal hesabat təqdim olunmur:
“Buna baxmayaraq, benzinin Ermənistana neçə manata satılması ilə bağlı məlumatlar satışdan iki ay sonra Dövlət Statistika Komitəsinin “Beynəlxalq Ticarətə dair bülleteni”ndə dərc ediləcək”, – deyə ekspert bildirib.
İlham Şaban əlavə edib ki, benzin satışı uzunmüddətli müqavilə ilə tənzimlənməyib. O, Azərbaycanın dekabrda Ermənistana satdığı A95 markalı benzinin litrini İrəvanın Rusiyadan idxal etdiyi yanacaqdan 17% daha ucuz – 430 dram (təxminən 1,93 AZN) qiymətinə satmasını izah edib:
“İllərlə öhdəlik götürmək düzgün deyil. Bu, bazar ticarətidir; danışıqlar alınmasa, satış dayana bilər. Ermənistan ən yaxın qonşu ölkədir və logistika xərclərinin azlığı satış qiymətinə təsir edir”.
