Azərbaycan.media xəbər verir ki, Türkiyə Rusiya–Ukrayna müharibəsində daimi atəşkəs təmin olunduqdan sonra Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazırdır. Bu barədə APA-nın Türkiyə bürosu Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Türkiyə atəşkəsin təmin edilməsi məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə dəstək verməyə hazırdır. Bu kontekstdə Türkiyənin “İstəklilər Koalisiyası”na fəal şəkildə qoşulduğu vurğulanıb.
Açıqlamada qeyd olunur: “Türkiyənin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi üçün ilkin şərt atəşkəsin təmin olunmasıdır. Ardınca vəzifə bölgüsü dəqiq müəyyənləşdirilmiş missiya formalaşdırılmalı və hansı ölkənin hansı həcmdə töhfə verəcəyi aydınlaşdırılmalıdır.”
Həmçinin vurğulanır ki, Türkiyə regional sahiblik prinsipi çərçivəsində Qara dənizdə tarazlığı təmin edən və bölgənin təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyan “Montrö Boğazlar Konvensiyası”nı məsuliyyətli, tərəfsiz və güzəştsiz şəkildə tətbiq edib və bunu davam etdirəcək.
