🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata çatdırılıb – sosial yardım artırılacaq

Azərbaycan.media xəbər verir ki, bu ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı 300 manata yüksəldilib. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ehtiyac meyarının artırılması ünvanlı dövlət sosial yardımı alan vətəndaşların aylıq yardım məbləğinin yüksəlməsinə, eyni zamanda bu proqramdan yararlanan ailələrin sayının artmasına imkan yaradacaq.

Deputat izah edib ki, əvvəlki dövrdə 5 nəfərdən ibarət ailənin rəsmi aylıq gəliri 900 manat olduğu halda, 2025-ci ildə həmin ailə üçün ehtiyac meyarı 1425 manat (5 nəfər x 285 manat) hesablanırdı. Bu zaman ailənin gəliri ilə xərci arasındakı fərq 525 manat təşkil edir və həmin məbləğ ünvanlı sosial yardım kimi ödənilirdi.

Vüqar Bayramov qeyd edib ki, bu ildən ehtiyac meyarının 300 manata qaldırılması nəticəsində eyni ailə üçün ehtiyac məbləği 1500 manat (5 nəfər x 300 manat) olacaq. Beləliklə, ailənin gəliri dəyişməz qaldığı halda, ünvanlı sosial yardımın aylıq məbləği 525 manat deyil, 600 manata yüksələcək.

Deputat əlavə edib ki, hazırda ölkə üzrə 76 min aztəminatlı ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı alır. Bu da ehtiyac meyarının artırılmasının kifayət qədər geniş ailə qrupuna müsbət təsir göstərəcəyini deməyə əsas verir.