Azərbaycan.media xəbər verir ki, “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin klipi artıq qardaş Türkiyənin televiziya kanallarında yayımlanır, radio məkanlarında səsləndirilir. Xüsusilə Kral TV və Kral FM-də tez-tez efirə verilən nəğmə Kral FM-in tanınmış aparıcısı Afrika Alinin təqdimatında dinləyicilərə çatdırılır.
Qafqaz.media-nın məlumatına görə, bu barədə layihənin rəhbəri, tanınmış şair Mircəlal Qurbanov açıqlama verib.
O bildirib ki, Türk dünyasının sevilən sənətçisi Azərin və Azərbaycanın Xalq artisti Azər Zeynalovun ifasında səslənən “Mənim Oğlum Qəhrəmandır!” nəğməsi sadəcə musiqi əsəri deyil. Mahnı şəhid analarının göz yaşından doğulan dua, şəhid atalarının sınmayan duruşundan yaranan qürur kimi təqdim olunur.
Layihə müəlliflərinin vurğuladığı kimi, nəğmənin Türkiyə televiziya və radio məkanında səslənməsi xüsusi mənəvi məna daşıyır. Qəhrəman anaların haqq səsi artıq təkcə Azərbaycanda deyil, Türkiyədə də eşidilir, Türkiyə ekranlarında da yer alır. Şəhid analarının səsi millətin vicdan səsi kimi dəyərləndirilir.
Mahnının misralarında ana nəfəsi və müqəddəs dua hiss olunduğu qeyd edilir: “Mənim oğlum bu gün deyil, sabah deyil… O əbədi bir zamandır! Azərbaycanın tarixinə tarix yazan qəhrəmandır!”
Mircəlal Qurbanovun sözlərinə görə, nəğmənin hər notunda göz yaşını qürura çevirən ata duruşu əks olunur və səslənən misralar türk qəhrəmanlıq ruhunu bir daha xatırladır: “Mənim oğlum Cavanşirdir… O Nəbidir, Koroğludur! Polad kimi vətəninə canın verən Türk oğludur!”
Layihə rəhbəri vurğulayıb ki, əsas mesaj ondan ibarətdir: Azərbaycan var olduqca qəhrəman şəhidlər də yaşayacaq, onların adları yaşadıqca Türkün qüruru və Vətənin bayrağı daim uca olacaq.
“Mənim Oğlum Qəhrəmandır!” bu gün artıq təkcə bir mahnı deyil, Türk dünyasını birləşdirən mənəvi çağırış və şəhidlərin xatirəsinə ucaldılmış səsli abidə kimi dəyərləndirilir.
