Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Kolumbiya Prezidenti Qustavo Petro arasında telefon danışığı baş tutub.
Tramp telefon danışığından sonra Kolumbiya prezidentinin ABŞ-a səfəri ilə bağlı hazırlıqların görüldüyünü açıqlayıb.
ABŞ Prezidenti qeyd edib ki, Qustavo Petro onunla narkotiklə mübarizə və digər mübahisəli məsələləri izah etmək məqsədilə əlaqə saxlayıb: “Kolumbiya Prezidenti Qustavo Petro ilə danışmaq böyük şərəf idi. O, mənə narkotik və digər ixtilaflı məsələləri izah etmək üçün zəng vurmuşdu. Mən onun zəngini və seçdiyi tonu yüksək qiymətləndirirəm və yaxın gələcəkdə onunla görüşəcəyimə ümid edirəm”.
Qustavo Petro da jurnalistlərə açıqlamasında telefon danışığının baş tutduğunu təsdiqləyib və Trampdan iki ölkə arasında dialoqun bərpasını xahiş etdiyini bildirib.
Kolumbiya prezidentinin ofisindəki mənbələr isə telefon danışığının mehriban və konstruktiv atmosferdə keçdiyini vurğulayıblar.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etmədiyini bəyan etmişdi.
