🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xankəndi və Ağdam paytaxta alternativ ola bilər? – Prezidentin açıqlaması müzakirə yaradıb

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində Xankəndi və Ağdamın azad edilmiş bölgələrin əsas şəhərləri kimi formalaşacağına dair fikirləri ictimai müzakirələrə səbəb olub.
Globalinfo.az-ın təhlilində qeyd olunub ki, sözügedən şəhərlər gələcəkdə “paytaxta alternativ” statusu qazana bilər.
Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə bildirib ki, Prezident müsahibəsində artıq azad edilmiş ərazilərdə 70 minə yaxın insanın yaşadığını vurğulayıb və bu göstəricinin artacağı gözlənilir. Deputatın sözlərinə görə, Xankəndiyə bu il ərzində ciddi həcmdə investisiya qoyulub, genişmiqyaslı bərpa və quruculuq işləri aparılır.
O qeyd edib ki, əhalinin geri qayıdışını təmin etmək məqsədilə ardıcıl və sistemli tədbirlər görülür. Bu çərçivədə Qarabağ Universiteti fəaliyyətə başlayıb və hazırda 1400–1500 tələbə müxtəlif fakültələr üzrə təhsil alır. Fakültələrin sayının artırılması, yeni tədris korpuslarının inşası və ümumilikdə təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda Xankəndidə daimi məskunlaşma prosesinə də artıq start verilib.
Arzuxan Əlizadə diqqətə çatdırıb ki, Ağdam şəhərinin 100 min nəfərlik əhali üçün planlaşdırılması əsas hədəflər sırasındadır. Onun sözlərinə görə, şəhərdə müasir infrastruktur yaradılır, genişmiqyaslı tikinti işləri aparılır, yollar, otellər, istehsal müəssisələri inşa olunur və Ağdam Sənaye Parkı çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, Ağdamın ətraf kəndlərində də formalaşma prosesi gedir və məskunlaşma artıq başlayıb.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılması, eləcə də gələcəkdə Zəngəzur kommunikasiya qovşağının açılması regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Onun fikrincə, bütün bu proseslər uzun illər ərzində Bakıya yönəlmiş intensiv miqrasiyanın azalmasına da təsir göstərə bilər. Paytaxtda yaranmış sıxlıq, nəqliyyat tıxacları və mövcud infrastrukturun artan tələblərə cavab verməməsi regionlarda məskunlaşmanın təşviqini zəruri edir.
Deputat əlavə edib ki, Prezidentin müsahibəsində səsləndirilən fikirlər bu məsələyə dövlət səviyyəsində ciddi yanaşıldığını göstərir. Bununla belə, Xankəndi və Ağdamdan hansının gələcəkdə “paytaxt perspektivi” qazana biləcəyini indidən demək çətindir. Onun sözlərinə görə, bu suala yalnız hər iki şəhərdə aparılan quruculuq işləri, məskunlaşma tempi və yaradılan infrastrukturun nəticələrinə baxaraq qiymət vermək mümkün olacaq.