Azərbaycan.media xəbər verir ki, Bakı Metropolitenində hazırda vahid tarif modeli tətbiq edilsə də, gələcəkdə məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif mexanizminin tətbiqi istisna edilmir.
Bu barədə Bakı Metropoliteni QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində tarif dəyişiklikləri ilə bağlı danışarkən bildirib. Onun sözlərinə görə, analitik qiymətləndirmələr davam etdirilir və müxtəlif tarif modelləri üzərində təhlillər aparılır. Bu yanaşma gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif sisteminin formalaşdırılmasına imkan verə bilər.
Departament rəhbəri qeyd edib ki, mümkün tarif dəyişikliyinin əsas məqsədi gəlirlərin artırılması deyil, metropoliten xidmətinin təhlükəsizliyinin, etibarlılığının və dayanıqlılığının təmin olunmasıdır.
Kamal Hüseynlinin sözlərinə görə, yeni tarif çərçivəsində bir sıra prioritet istiqamətlər nəzərdə tutulur. Bunlara işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, qatarların hərəkət qrafikinin daha sabit və çevik qurulması, intervalın azaldılması, 34 cüt qatarla istismar imkanlarının genişləndirilməsi, eləcə də stansiyalarda xidmət keyfiyyətinin yüksəldilməsi daxildir.
Departament rəisi əlavə edib ki, görülən işlərin nəticələri növbəti maliyyə və fəaliyyət hesabatlarında əksini tapacaq.
