Azərbaycan.media xəbər verir ki, görkəmli ədəbiyyatşünas Elnarə Akimovanın qələmə aldığı bu məqalədə Məhəmməd Hadinin taleyi, yaradıcılığı və milli düşüncə tariximizdəki yeri geniş elmi–publisistik kontekstdə təhlil olunur.
Məqalədə vurğulanır ki, Məhəmməd Hadi sovet rejiminin ideoloji qurbanlarından biri olmuş, azadlıq və vətən sevgisi ilə seçilən bu üsyankar sənətkar sovet təbliğatında bilərəkdən sərxoş və sərgərdan obrazında təqdim edilmişdir. Halbuki Hadi həm yaradıcılığı, həm də həyat yolu ilə milli istiqlal ideyasının daşıyıcısı, Cümhuriyyətə aparan yolun poetik siması idi.
Müəllif qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız tarixi-siyasi hadisə deyil, XIX əsrin sonu – XX əsrin əvvəllərində formalaşan milli ədəbi, fəlsəfi və siyasi düşüncənin nəticəsi idi. Bu baxımdan, milli mənlik şüurunun təşəkkülündə ədəbiyyatın rolu həlledici olmuş, həmin intellektual və emosional potensialın ən parlaq ünvanlarından biri də məhz Məhəmməd Hadi sayılmışdır.
Məqalədə Hadinin poeziyasında vətən anlayışının iman səviyyəsinə yüksəldildiyi xüsusi vurğulanır. “Vətəni sevmək imanımdır” ideyasını poeziyaya gətirən şair milli ədəbiyyat tarixində vətən sevgisinin yeni estetik və ideoloji modelini yaratmışdır. Abdulla Şaiqin də qeyd etdiyi kimi, Hadi qədər hürriyyət ideyasına bağlı şair XX əsr poeziyasında nadir hadisədir.
Yazıda Hadinin yaradıcılığı ətrafında aparılan elmi mübahisələrə də toxunulur. Onun Namik Kamal və ümumən türk romantizmi ilə əlaqələri, bu təsirin qəbul və ya inkar olunması müxtəlif tədqiqatçıların mövqeləri əsasında təqdim edilir. Eyni zamanda vurğulanır ki, Məhəmməd Hadi poetik siqləti, düşüncə miqyası və milli məfkurə aydınlığı baxımından müstəqil və orijinal ədəbi hadisədir.
Məqalədə Birinci Dünya müharibəsi, maarifçilik ideyalarının süqutu və qlobal ümidsizlik fonunda Hadinin lirikasında yaranan fəlsəfi pessimizm, iztirab və tənha insan obrazı da geniş şəkildə təhlil edilir. Bu kontekstdə onun yaradıcılığı dekadent fəlsəfi düşüncə ilə müqayisə olunur, lakin milli ağrının və azadlıq amalının əsas xətt olaraq qaldığı vurğulanır.
Elnarə Akimova Hadinin bioqrafiyasına da diqqət çəkərək, onun İstanbuldan Salonikə, Qafqaz cəbhəsindən Karpatlara uzanan mürəkkəb həyat yolunu xatırladır. Şair bütün bu çətinliklərə baxmayaraq istiqlalçı ruhunu qorumuş, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elanını böyük coşqu ilə qarşılamış, “Azərbaycan” qəzetində üçrəngli bayrağı, Milli Ordunu və azadlıq ideyasını tərənnüm edən şeirlərlə çıxış etmişdir.
Məqalənin nəticəsində qeyd olunur ki, Cümhuriyyətin süqutu, mart qırğınları və sonrakı faciələr Hadinin daxili qürubunu dərinləşdirsə də, o, heç vaxt “Vətən adlı iman”ından dönməmişdir. Məhəmməd Hadi bu mənada milli azadlıq romantizminin ən ardıcıl və fədakar simalarından biri kimi Azərbaycan ədəbiyyatında əbədi yer tutur.
Azərbaycan.media
