🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Torpaq anlayışının dəyişən məzmunu: müharibədən sülhə uzanan milli strategiya

Azərbaycan.media xəbər verir ki, işğaldan azad edilmiş hər bir kənd, hər sancılan bayraq Azərbaycan torpağının bərpası və milli suverenliyin tam təmin olunması demək idi. Bu yanaşma müharibədən sonrakı dövrdə də öz aktuallığını qoruyaraq dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qalmaqdadır.
Müharibə illərində torpaq anlayışı daha çox “yaralı” və “zədələnmiş” məna daşıyırdı. Torpaq, uğrunda qan tökülən, azadlığı naminə mübarizə aparılan müqəddəs bir dəyər idi. Lakin sülh dövrünə keçidlə bu anlayışın məzmunu da dəyişib. Artıq torpaq məhsuldarlığı, əkinçilik imkanları, iqtisadi və sosial quruculuq perspektivləri ilə qiymətləndirilir. Qarabağın münbit qara torpaqları ölkənin iqtisadi inkişafı üçün yeni üfüqlər açır, regionun dirçəlişi ilə bağlı real ümidlər yaradır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh dövrü bizi arxayınlaşdırmamalıdır. Dövlət başçısının “Hər an ayıq olmalıyıq, güclü olmalıyıq” fikri Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyasının əsas sütunlarından birini təşkil edir. Güclü ordu, güclü dövlət və xalq–iqtidar birliyi Azərbaycanın gələcək təhlükəsizliyinin ən etibarlı təminatıdır. Bu yanaşma göstərir ki, sülh şəraitində belə ayıqlıq və hazırlıq milli siyasətin ayrılmaz hissəsi olaraq qalır.
Müharibədən sülhə keçid, ABŞ-la münasibətlərdə yeni səhifənin açılması, strateji əməkdaşlıq mexanizmlərinin qurulması və ədalətsiz 907-ci düzəlişin aradan qaldırılması 2025-ci ili Azərbaycan üçün tarixi dönüş ili kimi xarakterizə edir. Torpaq anlayışının dəyişən məzmunu isə müstəqillik tariximizin yeni mərhələsini simvolizə edir.
Prezidentin qətiyyətli mövqeyi bir daha təsdiqləyir ki, bundan sonra heç vaxt bir qarış torpaq düşmən tapdağı altında qalmayacaq. Çünki bu gün güclü, müstəqil və öz gələcəyini özü müəyyən edən Azərbaycan dövləti var.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini

Azərbaycan.media