Azərbaycan.media xəbər verir ki, Albert Eynşteynin elmi dünyagörüşünün formalaşmasında klassik fizikanın nəhəngləri xüsusi yer tutub. Eynşteyn iş otağında divardan üç böyük fizikin — Ceyms Klerk Maksvell, Maykl Faradey və İsaak Nyutonun portretlərini asmışdı. Bu seçim onun elmi düşüncəsinin köklərini və ilham mənbələrini aydın şəkildə ifadə edirdi.
Eynşteyn Maksvellin elmi irsini “Nyutondan bəri fizikanın yaşadığı ən dərin və ən məhsuldar intellektual sıçrayış” kimi qiymətləndirirdi. Maksvellin elektromaqnit tənlikləri klassik fizikanın sərhədlərini aşaraq zaman və məkan anlayışlarını tamamilə yeni müstəviyə daşıdı. Bu tənliklər yalnız elektrik və maqnetizmi vahid sistemdə birləşdirmədi, eyni zamanda fizikanın gələcək inkişaf istiqamətini də müəyyənləşdirdi.
Məhz Maksvellin irəli sürdüyü fundamental yanaşmalar Eynşteyni işığın sürətinin dəyişməzliyi ideyasına gətirdi və bu fikir sonradan xüsusi nisbilik nəzəriyyəsinin formalaşmasında həlledici rol oynadı. Bu baxımdan, Eynşteynin elmdə yaratdığı inqilab ani və təcrid olunmuş hadisə deyildi. O, Maksvellin açdığı qapıdan keçərək mümkün olmuş, klassik fizikanın üzərində qurulan yeni bir elmi mərhələnin məntiqi davamı kimi meydana çıxmışdı.
Beləliklə, XX əsrin ən böyük elmi çevrilişlərindən biri fərdi dahiliklə yanaşı, elmi irsin ardıcıllığı və intellektual varislik üzərində yüksəldi.
Müəllif: İbrahim Nəbioğlu
Mənbə: Azərbaycan.media
