🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qarabağ və Şərqi Zəngəzurda “Yaşıl Enerji Zonası”: 7 mindən çox LED qurğu quraşdırılıb

Azərbaycan.media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi ardıcıl şəkildə həyata keçirilir.

Energetika Nazirliyindən bildirilib ki, bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları “yaşıl enerji zona”larının dayanıqlı inkişafında əsas rol oynayır. Müasir şəhərsalma yanaşmalarına uyğun olaraq LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş tətbiq olunur.

Məlumata görə, indiyədək bu ərazilərdə 7 mindən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Onların təxminən 40 faizi – 3 minə yaxın hissəsi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır.

Nazirlik vurğulayır ki, bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir. Son illərdə bir çox ölkədə LED və günəş enerjisi əsaslı həllərin tətbiqi bu sahədə enerji sərfiyyatının və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradıb.