🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev: Bakıda mikromobillik və ictimai nəqliyyata üstünlük əsas çıxış yoludur

Azərbaycan.media xəbər verir ki, Bakının tarixi memarlıq ansamblının dəyişdirilməsinin mümkün olmadığını bildirən Prezident İlham Əliyev yol-nəqliyyat sisteminin idarə edilməsi, eləcə də mikromobilliyin və ictimai nəqliyyata üstünlüyün paytaxt üçün əsas çıxış yollarından biri olduğunu vurğulayıb.

Dövlətimizin başçısı bu fikirləri yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Prezident qeyd edib ki, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal şəkildə çalışır.

Prezident İlham Əliyevin sözlərinə görə, Bakının yeni yol infrastrukturunun xəritəsi artıq təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, eyni zamanda əlavə iki metro deposunun tikintisi nəzərdə tutulur. Mövcud metro stansiyalarında isə optimallaşma layihələri icra edilir.

“Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı əlavə edib ki, mikromobilliyin inkişafı, piyadalar üçün daha geniş məkanın yaradılması və bəzi küçələrin yalnız piyadalar üçün nəzərdə tutulması prosesi davam edir və yaxın aylarda ictimaiyyət bu dəyişikliklərin real nəticələrini görəcək. Bununla yanaşı, Bakıda yeni ictimai məkanların yaradılması istiqamətində işlərin geniş vüsət aldığı da diqqətə çatdırılıb.