Azərbaycan.media xəbər verir ki, ölkədə siqaretlərin qiymətində kəskin artım müşahidə olunur. Bir qutu siqaretin qiyməti orta hesabla 30–50 qəpik bahalaşıb.
Məlumata görə, əvvəllər 2 manat 60 qəpiyə satılan “Magna” markalı siqaret hazırda 2 manat 90 qəpikdən 3 manat 10 qəpiyədək təklif olunur. 3 manat 10 qəpiyə satılan “Pall Mall”ın qiyməti 3 manat 40 qəpiyə yüksəlib. “LD” markası 3 manatdan 3 manat 30 qəpiyə, 4 manat 20 qəpik olan “Winston” isə 4 manat 80 qəpiyə bahalaşıb. “Kent” markasının qiyməti 4 manat 40 qəpikdən 4 manat 80 qəpiyə, 4 manat 70 qəpik olan “Sobranie”nin qiyməti isə 5 manat 10 qəpiyə qalxıb. “Vant” markalı siqaret də 3 manat 10 qəpikdən 3 manat 40 qəpiyə yüksəlib.
Marketlərdə siqaretlər əsasən bu qiymətlərlə satılır. Köşklərdə isə qiymətlərin təxminən 20 qəpik daha baha olduğu bildirilir. Satıcıların sözlərinə görə, yeni qiymətlər artıq üç gündür ki, tətbiq olunur.
Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulan, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.
Eyni zamanda, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlər üzrə aksiz dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata yüksəldilib.
