🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gəncə–Qəbələ elektrik qatarı istifadəyə verilir: regionlararası əlaqələr genişlənir

Azərbaycan.media xəbər verir ki, bu marşrut Gəncə–Mingəçevir–Gəncə xəttindən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) ikinci regiondaxili sərnişindaşıma marşrutu olacaq. Yeni xətt bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətində, saat 18:00-da isə Qəbələdən Gəncəyə yola düşəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

Ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə sərnişinlər Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təqdim olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat müəyyən edilib.

Yeni reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan yaradacaq. Belə ki, sərnişinlər Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çataraq, saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə gedə biləcəklər. Qayıdış zamanı isə Qəbələ–Gəncə qatarı ilə saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə paytaxta dönmək mümkün olacaq.

Biletlərin bu gündən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə satışa çıxarıldığı bildirilir.

Qeyd olunur ki, yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında nəqliyyat əlçatanlığının artırılmasına, eyni zamanda daxili turizmin inkişafına mühüm töhfə verəcək.