Makron: Venesuela Maduronun diktaturasından azad oldu
Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Venesuela Prezidenti Nikolas Maduronun ABŞ tərəfindən ələ keçirilməsini şərh edərək, bu hadisəni Venesuela xalqı üçün tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.
Makron bildirib ki, Venesuela xalqı uzun illər davam edən diktatura idarəçiliyindən qurtulub və bu proses yalnız sevinclə qarşılanmalıdır. Onun sözlərinə görə, Nikolas Maduro hakimiyyəti qanunsuz şəkildə ələ keçirərək fundamental azadlıqları tapdalayıb, bununla da Venesuela xalqının ləyaqətinə ciddi zərbə vurub.
Fransa Prezidenti vurğulayıb ki, qarşıdakı keçid dövrü dinc və demokratik şəkildə həyata keçirilməli, Venesuela xalqının iradəsinə tam hörmət göstərilməlidir. Makron hesab edir ki, bu keçid prosesinin təmin olunmasında müxalifət lideri Edmundo Qonzales Urrutia əsas rol oynaya bilər.
Qeyd edək ki, ötən gün ABŞ ordusu Venesuelanın paytaxtı Karakasa hava zərbələri endirib. Həmin əməliyyat nəticəsində Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-a aparılıb. Hadisə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir və regionda yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilir.
