Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun və həyat yoldaşının ölkədən çıxarıldığını elan edib. Bu açıqlama Vaşinqtonun Venesuela hakimiyyətinin ən yüksək pilləsinə qədər nüfuz edə bildiyini göstərən ciddi siyasi mesaj kimi dəyərləndirilir. Bəzi mənbələr, o cümlədən CBS, Maduronun ABŞ-ın “Delta Force” xüsusi təyinatlıları tərəfindən ələ keçirildiyini iddia edir.
Keçmiş yanğınsöndürən olan Nikolas Maduro 2013-cü ildən etibarən Venesuelaya rəhbərlik edib. Bu müddət ərzində ölkənin zəngin təbii sərvətlərinin talanı və dərin sosial-iqtisadi böhran fonunda hakimiyyətini qoruyub saxlayan Maduro rejimi indi ölkə daxilində belə ciddi narazılıqla qarşılanır. Onu hakimiyyətə gətirən venesuelalıların bir hissəsi bu prosesləri sevinclə qarşılayır.
Dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuela Uqo Çavesin, daha sonra isə Maduronun hakimiyyəti dövründə bu sərvətdən xalqın rifahı üçün istifadə edə bilmədi. Tarixdə bu cür amansız dönüş nöqtələri az olmayıb.
Məsələnin diqqətçəkən tərəfi isə ABŞ-ın maraqlarının təkcə Venesuela nefti ilə məhdudlaşmamasıdır. Mütəxəssislərin fikrincə, Vaşinqton bu ölkənin zəngin qızıl, almaz və boksit yataqlarını da nəzarətə götürmək niyyətindədir. Lakin əsas strateji maraq daha fərqli bir sərvətə – koltan mineralına yönəlib.
Koltan (kolumbit–tantalit) Venesuelanın geosiyasi baxımdan ən həssas və kritik təbii ehtiyatlarından sayılır. Tərkibindəki tantal və niobium müasir elektronika, kosmik sənaye və hərbi texnologiyalar üçün əvəzolunmazdır. Bu mineralın nə qədər çıxarıldığına dair dəqiq statistika yoxdur, çünki hasilatın böyük hissəsi qeyri-rəsmi yollarla həyata keçirilir.
Beləliklə, ABŞ-ın Venesuelaya zərbəsi təkcə bu ölkəyə qarşı yönəlməyib. Əslində, bu proseslər fonunda Rusiya və Çinin də regional və qlobal maraqlarına ciddi zərbə vurulduğu iddia olunur.
Bu gərginlik Donald Trampın Nobel Sülh mükafatı ilə bağlı ehtimal olunan iddialarını da arxa plana keçirib. Çünki görünən odur ki, böyük geosiyasi və iqtisadi qazanc qarşısında bir Nobel medalının çəkisi o qədər də önəmli sayılmır.
Hadisələrin son dərəcə sürətlə inkişaf etdiyi indiki mərhələdə günün sonunda nələrin baş verəcəyini demək çətindir. Üstəlik, Venesuelada vətəndaş müharibəsi ehtimalı da istisna edilmir.
Bəs növbəti hədəf kim olacaq?..
Müəllif: İbrahim Nəbioğlu
Mənbə: Azərbaycan.media
