Azərbaycan.media xəbər verir ki, “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər” təsdiq edilib.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarı 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.
Qərara əsasən, yeni tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonlarında müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanacaq müqavilələrə şamil olunur.
Əsas texniki və funksional tələblər
Avtomobil nəqliyyatı vasitələri aşağıdakı şərtlərə cavab verməlidir:
“AYNA” informasiya sistemi ilə inteqrasiya olunmalı və real vaxt rejimində məlumat ötürməlidir (GPS, elektron ödəniş sistemi, bort avadanlığı, sərnişin sayğacı);
Sıxılmış təbii qaz və dizel mühərrikli nəqliyyat vasitələrinin yürüşü 1 milyon km-dən, elektrik mühərrikli nəqliyyat vasitələrinin yürüşü isə 1,2 milyon km-dən artıq olmamalıdır;
Buraxılış tarixindən 15 ildən çox vaxt keçməməlidir;
Elektrik avtobusları təkrar doldurulan və ya dəyişdirilə bilən batareyalarla təmin edilməlidir;
Avtobuslar əsasən aşağı döşəməli, əlilliyi olan şəxslər və uşaq arabaları üçün pandusla təchiz olunmalıdır;
Əlilliyi olan şəxslər üçün xüsusi yerlər, məlumat düymələri, təhlükəsizlik kəmərləri və yumşaq arxalıqlar olmalıdır;
Salon daxilində monitor və səs sistemi vasitəsilə növbəti dayanacaqlar elan edilməlidir;
Qaz və elektrik mühərrikli nəqliyyat vasitələrində avtomatik yanğınsöndürmə və yanğın xəbərdarlıq sistemi quraşdırılmalıdır;
Qapılar sıxılmaya qarşı sensorlarla, eləcə də qəza açarları ilə təchiz edilməlidir.
Normativ uyğunluq
Avtobuslar “Avtomobil nəqliyyatı haqqında” Qanunun, müvafiq beynəlxalq müqavilələrin, Prezidentin 2025-ci il 19 sentyabr tarixli Fərmanının, eləcə də Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli qərarı ilə təsdiq olunmuş texniki tələblərin şərtlərinə uyğun olmalıdır.
Qeyd edək ki, qərar 2025-ci il oktyabrın 30-da qəbul edilib, noyabrın 6-da Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib və 2026-cı il yanvarın 1-dən tətbiq olunur.
