Azərbaycan.media xəbər verir ki, politoloq Yalçın Hacızadə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətini şərh edərkən bildirib ki, bu çıxış sadəcə bayram təbriki deyil, Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi və strateji reallıqların açıq və prinsipial bəyanatıdır.
Y.Hacızadə vurğulayıb ki, müraciət ölkəmizin 2026-cı ilə daxil olaraq artıq müdafiə olunan deyil, regional və beynəlxalq proseslərə təsir göstərən güc mərkəzi kimi fəaliyyət göstərdiyini göstərir. Prezident İlham Əliyevin şanlı Zəfəri xüsusi vurğulaması isə göstərir ki, Azərbaycan Qələbəni yalnız hərbi nəticə kimi deyil, strateji üstünlük kimi möhkəmləndirib. Otuz illik işğala son qoymaqla Azərbaycan Cənubi Qafqazda status-kvonu köklü şəkildə dəyişərək beynəlxalq münasibətlər sistemində yeni reallıq formalaşdırıb və bu reallıqla artıq bütün beynəlxalq aktorlar hesablaşmaq məcburiyyətindədir.
Politoloq əlavə edib ki, müraciətdə Azərbaycan Silahlı Qüvvələrinin son beş ildə keçdiyi inkişaf yolu təsadüfi olaraq geniş yer tutmayıb. Ordunun yeni silah sistemləri ilə təchiz olunması, xüsusi təyinatlı qüvvələrin say və imkanlarının artırılması Azərbaycanın öz təhlükəsizliyini beynəlxalq mexanizmlərə həvalə etmədiyini göstərir. Qlobal miqyasda sürətlənən silahlanma fonunda Azərbaycan təhlükəsizliyini öz gücü və müttəfiqləri ilə qurduğu əlaqələr hesabına təmin edən dövlət modelini seçib.
Y.Hacızadə qeyd edib: “Prezident İlham Əliyevin Minsk qrupunun tarixin arxivinə göndərilməsi ilə bağlı fikirləri beynəlxalq vasitəçilik institutlarının iflasının açıq etirafıdır. Qarabağ məsələsi artıq nə danışıqlar mövzusu, nə də beynəlxalq gündəmin elementi deyil. Azərbaycan bu məsələni hərbi, siyasi və hüquqi baxımdan birdəfəlik bağlayıb. Prezidentin vurğuladığı sülh gündəliyi zəif tərəf deyil, qalib tərəf kimi diktə olunan konsepsiyadır. Vaşinqtonda aparılan danışıqlar göstərdi ki, Azərbaycan regional sülhün əsas memarlarından biridir və bu gündəlik revanşizmə deyil, yeni güc balansına əsaslanır.”
Politoloq həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərini və “Böyük Qayıdış” proqramını strateji dövlət siyasəti kimi qiymətləndirib. O bildirib ki, artıq 70 minə yaxın insanın həmin ərazilərdə yaşaması, işləməsi və təhsil alması Azərbaycanın suverenliyinin faktiki və geri dönməz xarakter daşıdığını təsdiqləyir.
Yalçın Hacızadə beynəlxalq nüfuzun artmasını Azərbaycanın müstəqil siyasət xətti ilə əlaqələndirib: “Prezident İlham Əliyev açıq şəkildə bəyan edib ki, Azərbaycan heç bir mərkəzdən idarə olunan dövlət olmayıb və olmayacaq. Bu mövqe regional və qlobal güclər üçün aydın mesajdır.”
Politoloq qeyd edib ki, Xankəndidə ECO Zirvə görüşünün, Qəbələdə isə Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının keçirilməsi siyasi simvolizm daşıyır. Xankəndinin beynəlxalq diplomatik məkana çevrilməsi münaqişənin bitdiyini, Türk dünyasının zirvə toplantısının Azərbaycanda keçirilməsi isə ölkəmizin bu regionda aparıcı rolunu göstərir.
Y.Hacızadə vurğulayıb ki, Prezident İlham Əliyevin təqdim etdiyi iqtisadi göstəricilər Azərbaycanın siyasi müstəqilliyinin maddi əsaslarını açıq şəkildə ortaya qoyur: “80 milyard dollardan artıq valyuta ehtiyatları, ÜDM-in 6,3 faizi həcmində xarici borc və beynəlxalq reytinq agentliklərinin müsbət qərarları ölkəmizin iqtisadi baxımdan təzyiqlərə davamlı olduğunu sübut edir.”
Politoloq müraciətin digər mühüm siyasi xəttini də qeyd edib: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı verilən mesaj göstərir ki, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlılar tək deyillər. Diaspor siyasəti artıq müdafiə üzərində deyil, güc əsasında qurulub. Bu baxımdan Prezidentin müraciəti yalnız keçmiş qələbələri xatırladan deyil, gələcək güc arxitekturasını bəyan edən siyasi sənəddir. Azərbaycan artıq regionda hadisələrin obyektinə çevrilən deyil, onları müəyyən edən əsas subyektlərdən biridir.”
Mənbə: Azərbaycan.media
