🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda qarlı və küləkli hava davam edir – FAKTİKİ HAVA

Azərbaycan.media xəbər verir ki, yanvarın 2-si saat 10:00-a olan məlumata əsasən Azərbaycanın əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

 Milli Hidrometeorologiya Xidmətinin yaydığı açıqlamada bildirilib ki, hazırda ölkənin bir sıra ərazilərində qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38 sm, Qaxda 25 sm, Qusar və Gədəbəydə 20 sm, Zaqatalanın Əlibəy kəndində 18 sm, Daşkəsəndə 13 sm, Xınalıq və Qrızda 10 sm, Şahdağda 9 sm, Göygöl və Sədərəkdə 6 sm, Kəlbəcər, Laçın, Qubadlı və Şəkidə 5 sm təşkil edir. Quba, Xaltan və Ordubadda qarın hündürlüyü 3 sm, Ceyrançöl və Naxçıvanda 2 sm, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa və Xankəndidə isə 1 sm olub.

Məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Goranboy və Tərtərdə 23 m/s, Bərdə, Neftçala, Şahdağ, Naftalan və Şabranda 20 m/s, Daşkəsən, Mingəçevir, Gəncə və Ağdamda 18 m/s, Kəlbəcərdə 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib.

Şərur, Xaltan, Daşkəsən, Göygöl, Gəncə, Şəki, Qax, Şamaxı, Qrız, Göyçay, Yardımlı və Lerik ərazilərində duman müşahidə olunub. Duman səbəbindən görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Sinoptiklərin proqnozuna görə, yanvarın 3-dən etibarən ölkə ərazisində hava şəraiti tədricən mülayimləşəcək, əsasən yağmursuz keçəcək və temperaturun yüksələcəyi gözlənilir.