Azərbaycan.media xəbər verir ki, çobanyastığının (romaşka) qan şəkərinin səviyyəsini azaltmaqda təsirli olduğu elmi araşdırmalarla təsdiqlənib.
İstinadən məlumatına görə, diyetoloq İqor Strokov çobanyastığının təsirinin inandırıcı və sübutlara əsaslandığını bildirib. Onun sözlərinə görə, Asteraceae fəsiləsinə aid olan bu bitki uzun illərdir ənənəvi tibbdə istifadə olunur və aparılan heyvan və insan tədqiqatları çobanyastığının metabolik göstəricilərə, eləcə də diabetin ağırlaşmalarına müsbət təsirini ortaya qoyur.
Diyetoloq qeyd edib ki, heyvanlar üzərində aparılan tədqiqatlarda qlikemik nəzarət və qlükoza dözümsüzlüyü göstəricilərində zamanla davamlı yaxşılaşma müşahidə olunub. Diabetli siçovullarda qan şəkəri səviyyəsinin azalması 14 faizdən 59 faizə qədər dəyişib.
İcmalda yer alan digər araşdırmada isə 2-ci tip diabetdən əziyyət çəkən 64 xəstə səkkiz həftə ərzində gündə üç dəfə çobanyastığı çayı (3 qram/150 ml isti su) və ya plasebo qəbul edib. Nəticələrə əsasən, çobanyastığı çayı qəbul edən qrupda HbA1c göstəricilərində (son 8–12 həftə üzrə orta qan şəkəri səviyyəsi), insulin səviyyəsində və insulin müqavimətində əhəmiyyətli azalma qeydə alınıb. Eyni zamanda bu qrupda qan şəkəri səviyyəsinin plasebo qrupu ilə müqayisədə təxminən 11 faiz azaldığı müəyyən edilib.
