🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya ABŞ-dan Venesuelaya gedən neft tankerinin təqibinin dayandırılmasını tələb etdi

Azərbaycan.media xəbər verir ki, Rusiya hökuməti Atlantik okeanında ABŞ Sahil Mühafizəsindən yayınaraq Venesuelaya doğru hərəkət edən neft tankerinin təqibinin dayandırılması tələbi ilə ABŞ-a rəsmi diplomatik sorğu göndərib.

Axar.az-ın məlumatına görə, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Bildirilir ki, sözügedən sorğu Yeni il ərəfəsində gecə saatlarında ABŞ Dövlət Departamentinə və Ağ Evin Milli Təhlükəsizlik Şurasına ünvanlanıb. Rusiyanın bu addımı Ukrayna ilə bağlı mümkün sülh danışıqları fonunda prosesə yeni bir nüans əlavə edə bilər.

Məlumata əsasən, ABŞ qüvvələri “Bella 1” adlı neft tankerini təxminən iki həftədir izləyir. ABŞ Sahil Mühafizəsi gəmini bir dəfə saxlamağa cəhd göstərsə də, tanker “saxlama əmri”nə tabe olmayaraq geri dönüb. Bundan sonra gəminin göyərtəsində Rusiya bayrağı qaldırılıb və radio əlaqəsi vasitəsilə sahil mühafizəsinə Rusiya nəzarəti altında olduqları bildirilib. Daha sonra tanker “Marinera” adı ilə Rusiyanın rəsmi gəmi reyestrinə daxil edilib.

Anonimlik şərti ilə danışan amerikalı rəsmi bildirib ki, Tramp administrasiyası tankeri hələ də “dövlətsiz” hesab edir. Onun sözlərinə görə, sahil mühafizəsi gəmiyə ilk dəfə yaxınlaşanda tanker saxta bayraq altında hərəkət edib.

Rəsmi qeyd edib ki, beynəlxalq hüquqa əsasən “Bella 1” üçün Rusiyanın himayəsinin tanınması ehtimalı azdır. Bununla belə, Rusiyanın diplomatik müdaxiləsi ABŞ-ın Venesuela ilə davam edən gərgin münasibətləri fonunda tankeri ələ keçirmək cəhdlərini çətinləşdirə bilər.

Xatırladaq ki, daha əvvəl “Bella 1” tankerinin ABŞ tərəfindən saxlanıldığı barədə məlumatlar yayılmışdı.