🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Milli Birliyin və Dövlətçilik İdeologiyasının Zəfəri

Azərbaycan.media xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyini, tarixi yaddaşını və dövlətçilik ideologiyasını özündə ehtiva edən ən mühüm bayramlardan biridir. Bu əlamətdar tarix təkcə təqvimdə qeyd olunan bayram deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının Vətənə mənəvi bağlılığının, milli kimliyinin və həmrəyliyinin rəmzidir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olmuşdur. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi bu istiqamətdə atılmış tarixi addım idi. Daha sonra Azərbaycan Respublikasının Ali Soveti bu təşəbbüsü dəstəkləyərək 31 dekabrı rəsmi dövlət bayramı elan etdi. Beləliklə, milli birlik ideyası dövlət səviyyəsində hüquqi status qazandı.

Bu bayramın tarixi kökləri XX əsrin sonlarında baş verən mühüm ictimai-siyasi hadisələrlə birbaşa bağlıdır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların süni sərhədləri aşaraq birliyə can atması, milli bütövlük uğrunda nümayiş etdirdikləri iradə xalqımızın həmrəyliyinin parlaq təzahürü idi. Araz boyu baş verən bu tarixi hadisələr azərbaycanlıların vahid millət olduğunu bütün dünyaya bir daha sübut etdi. Məhz bu baxımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın bölünməzlik və bütövlük arzularının simvoluna çevrilmişdir.

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və əsas təbliğatçısı kimi bu prosesə xüsusi önəm vermişdir. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı milli qürurun və mənəvi özünüdərkin rəmzinə çevrilmişdir. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı diaspor nümayəndələri ilə görüşərək onların problemləri ilə yaxından maraqlanmış, təşkilatlanma və milli maraqların müdafiəsi istiqamətində dəyərli tövsiyələr vermişdir. Bu siyasət dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsinə güclü təkan olmuşdur.

Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bütün xarici səfərləri zamanı diaspor nümayəndələri ilə görüşür, onların fəaliyyətini daim diqqət mərkəzində saxlayır və diaspora ilə əlaqələrin dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayır. Prezident İlham Əliyevin “Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi!” fikirləri dünya azərbaycanlılarının ideoloji birliyinin əsasını təşkil edir.

Dünya Azərbaycanlılarının Qurultayları bu birliyin institusional əsaslarının möhkəmləndirilməsində mühüm rol oynamışdır. 2001-ci ildə keçirilən I Qurultaydan başlayaraq, Şuşada baş tutmuş V Qurultay – Zəfər Qurultayına qədər keçirilən toplantılar milli şüurun güclənməsinə və diaspor fəaliyyətinin koordinasiyasına ciddi töhfə verib. Xüsusilə 2022-ci ildə azad Şuşada keçirilən V Qurultay Azərbaycanın tarixi Zəfərinin, dövlət suverenliyinin və xalq birliyinin parlaq təzahürü kimi yadda qaldı. Prezident İlham Əliyevin bu Qurultaydakı çıxışı dünya azərbaycanlılarına həm tarixi qürur, həm də gələcəyə inam aşıladı.

Vətən müharibəsi dövründə isə Azərbaycan xalqının və dünya azərbaycanlılarının misilsiz həmrəyliyi bütün dünyaya nümayiş etdirildi. Xaricdə yaşayan soydaşlarımız informasiya müharibəsində fəal iştirak edərək Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadılar. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir yumruq” yalnız hərbi gücün deyil, eyni zamanda milli birliyin və həmrəyliyin rəmzinə çevrildi.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 70-dən çox ölkədə yaşayan 50 milyondan artıq azərbaycanlını vahid ideya ətrafında birləşdirir. Bu bayram milli birlik, Vətənə sevgi, ana dilinə, mədəniyyətə və milli-mənəvi dəyərlərə sədaqət hisslərini daha da gücləndirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə fəal mövqe tutaraq Azərbaycan dövlətinin milli maraqlarını qoruyur, ölkəmizin beynəlxalq nüfuzunun artmasına layiqli töhfələr verirlər.

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru