Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktının icrasına başlanılıb.
APA-nın məlumatına görə, amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin müəssisələrində həyata keçirilir.
Ədliyyə Nazirliyindən bildirilib ki, penitensiar müəssisələr üzrə amnistiyanın tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad olunacaq, habelə cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
Həmçinin qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növlərinə dair amnistiya aktı 10 mindən çox şəxsi əhatə edəcək. Qərara əsasən, 7 mindən artıq şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcək ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı təsirini göstərir.
Ədliyyə Nazirliyi amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə və təxirəsalınmadan icrasını təmin edəcək. Nazirlik həmçinin ictimaiyyətə amnistiyanın icrası barədə mütəmadi məlumat verəcək.
Qeyd edək ki, bu gün Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərar qəbul edib. Amnistiya elan olunması təşəbbüsü Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
