Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və bu gün keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyib.
Prezident Administrasiyasından Publika.az-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığından Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. MDB dövlət başçılarının Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə isə dövlət başçısının iş qrafikinin sıxlığı səbəbindən iştirakı mümkün olmayıb.
Eyni zamanda qeyd olunub ki, Azərbaycan Respublikası MDB-nin rəsmi Zirvə görüşlərində üzv dövlət kimi mütəmadi iştirak edir və bu çərçivədə əməkdaşlığa, o cümlədən üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 9-10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclas çərçivəsində keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər səmərəli olub.
