Azərbaycan.media xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayonunun Şüvəlan qəsəbə Mədəniyyət Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir təşkil edilib.
AZƏRTAC-ın məlumatına görə, tədbir çərçivəsində “Səma” rəqs ansamblının təqdimatında “Uşaqların Həmrəyliyi – Dünyanın Ümididir” adlı konsert proqramı nümayiş olunub. Konsertdə ansambl üzvləri tərəfindən Azərbaycanla yanaşı, müxtəlif xalqların milli rəqsləri ifa edilib.
Tədbirdə çıxış edən 14 saylı Xəzər–Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva “Səma” rəqs ansamblının yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. O, kollektivin bədii rəhbərliyini və üzvlərini peşəkar çıxışları münasibətilə təbrik edərək bildirib ki, uşaqların səhnədə nümayiş etdirdiyi hər bir rəqs milli mədəniyyətə, incəsənətə və dəyərlərə olan sevginin təzahürüdür, eyni zamanda digər xalqların mədəniyyətinə hörmət ruhunda tərbiyə olunmalarının göstəricisidir.
Deputat bu cür yaradıcılıq layihələrinin davamlı olmasının gənc nəslin milli irsə sahib çıxmasına və Azərbaycanın mədəni inkişafına mühüm töhfə verdiyini vurğulayıb, ansambla gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri S. Məmmədova və Ş. Cəbiyeva da çıxış edərək, bu cür mədəni tədbirlərin gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında və milli-mənəvi dəyərlər əsasında formalaşmasında əhəmiyyətini qeyd ediblər.
