Azərbaycan.media xəbər verir ki, dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında formalaşmış birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı baş tutub.
Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə layihəsi əsasında ərsəyə gəlib. Trend-in məlumatına görə, təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirak edib.
Tədbirdə əvvəlcə sənədli film nümayiş olunub. Ardınca çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ekran işinin məzmununa toxunaraq bildirib ki, film üç fərqli dini təmsil edən rəfiqələrin həyat hekayəsi üzərindən Azərbaycan cəmiyyətində müxtəlif din və xalqlara münasibətin mahiyyətini əks etdirir. O qeyd edib ki, əsrlər boyu bu coğrafiyada multikultural dəyərlər, qarşılıqlı hörmət və birgəyaşayış ənənələri Azərbaycan xalqının həyat tərzinə çevrilib.
Komitə sədri vurğulayıb ki, bu dəyərlərin dövlət siyasəti səviyyəsinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. O, həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bütün dini ibadət yerlərinin bərpa olunmasını multikultural siyasətin bariz nümunəsi kimi qiymətləndirib.
Filmin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Fuad Məmmədzadə çıxışında bildirib ki, əsas qəhrəmanlar olan Nigar, Cəmilə və Sofiya obrazları vasitəsilə Azərbaycan üçün təbii və real olan bir mənzərə tamaşaçıya təqdim edilir. Onun sözlərinə görə, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada müsəlmanlar, yəhudilər və xristianlar vahid ailə mühiti şəraitində yaşayırlar.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Harmoniya” sənədli filmi Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün yaradılmış imkanları və dinlərarası harmoniyanı təbliğ etmək məqsədi daşıyır. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya Babayev, bəstəkarı isə Hafiz İbrahimlidir.
Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində yerləşən dini ibadətgahlarla yanaşı, noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin rəngi” festivalı zamanı aparılıb. Film fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı, ailə münasibətləri, dini ibadətləri və dostluq əlaqələri fonunda ölkəmizdə mövcud olan tolerantlıq, qarşılıqlı anlayış və mədəni müxtəliflik mühitini nümayiş etdirir.
Sənədli ekran işi vasitəsilə cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin təbliği, eləcə də Azərbaycanın dinlərarası harmoniyanın qorunması və inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin mahiyyəti tamaşaçıya çatdırılır.
