🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəkərli qazlı içkilər yoğun bağırsaq xərçəngi riskini artıra bilər – onkoloqdan XƏBƏRDARLIQ

Azərbaycan.media xəbər verir ki, şirin qazlı içkilərin tez-tez istehlakı yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir.

Rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu cür içkilərin müntəzəm qəbulu orqanizmə həddindən artıq fruktoza və sürətli karbohidratların daxil olmasına səbəb olur. Həkimin sözlərinə görə, fruktozanın bir hissəsi nazik bağırsaqda mənimsənilmir və birbaşa yoğun bağırsağa keçir.

Onun qeyd etdiyinə görə, bu proses bağırsaq mikroflorasında ciddi balans pozuntusu yaradır. Belə ki, yoğun bağırsağa düşən fruktoza bəzi bakteriyalar üçün əlverişli mühit formalaşdırır, nəticədə isə bağırsaq hüceyrələrini qoruyan faydalı bakteriyaların sayı azalır.

Sergey İvanov vurğulayıb ki, aparılan tədqiqatlar zamanı xroniki iltihabla əlaqəli bakteriya növlərinin artdığı, qoruyucu mexanizmləri dəstəkləyən mikroorqanizmlərin isə azaldığı müşahidə olunub. Onun sözlərinə görə, bu dəyişikliklər uzunmüddətli perspektivdə xərçəngin inkişafına zəmin yaradan zəncirvari prosesin tərkib hissəsi ola bilər.

Onkoloq əlavə edib ki, mütəxəssislər sağlamlığın qorunması baxımından qazlı və şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasını vacib hesab edirlər.