🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ kəşfiyyatı: Putin Ukraynanın hamısını ələ keçirməyi və Avropada təsirini genişləndirməyi planlaşdırır

Azərbaycan.media xəbər verir ki, ABŞ kəşfiyyatı Rusiyanın prezidenti Vladimir Putinin Ukraynanın bütün ərazisini nəzarətə götürməyi planlaşdırdığı qənaətinə gəlib. Bu barədə “Reuters” agentliyi altı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, kəşfiyyat qiymətləndirmələrinə əsasən, Putin bununla kifayətlənmək niyyətində deyil və vaxtilə Sovet imperiyasına məxsus olmuş Avropanın bəzi ərazilərini yenidən Rusiyanın nəzarəti altına almağı hədəfləyir.

Bildirilir ki, ABŞ xüsusi xidmət orqanlarının bu hesabatları ABŞ prezidenti Donald Tramp və onun Ukrayna üzrə sülh danışıqlarını aparan komandası tərəfindən səsləndirilən mövqelərlə ciddi şəkildə ziddiyyət təşkil edir. Tramp administrasiyasının bəzi nümayəndələri Vladimir Putinin münaqişəni bitirmək istədiyini iddia etsə də, kəşfiyyat məlumatları bunun əksini göstərir.

“Reuters”in mənbələrindən biri bildirib ki, hesabatların ən sonuncusu ötən ilin sentyabr ayının sonlarına aiddir və sənəddə Putinin Avropa üçün təhlükə olmadığına dair iddialar açıq şəkildə təkzib olunur.

Qeyd olunur ki, ABŞ kəşfiyyatının qiymətləndirmələri Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başlamasından bəri dəyişməz qalır. Mənbələrin sözlərinə görə, bu mövqe Avropa liderləri və Avropa kəşfiyyat qurumlarının yanaşması ilə də üst-üstə düşür. Onlar Rusiyanın təkcə Ukrayna ilə kifayətlənməyərək keçmiş sovet respublikalarının ərazilərinə, o cümlədən NATO üzvü olan ölkələrə də iddia edə biləcəyindən ehtiyat edirlər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin demokrat üzvü Mayk Kvikli “Reuters”ə açıqlamasında bildirib ki, “kəşfiyyat hər zaman Putinin daha artığını istədiyini deyib”. Onun sözlərinə görə, Avropa ölkələri bu təhlükənin real olduğuna əmindir, Polşa məsələdə xüsusilə qəti mövqe tutur, Baltik ölkələri isə növbəti hədəf ola biləcəklərindən ciddi narahatlıq keçirir.