🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

DİM sədri: İmtahan proqramlarının dərslik və kurikulumla uyğunluğu niyə vaxtında müzakirə edilmir?

Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə imtahan proqramlarının məktəb dərslikləri və kurikulumla uyğunluğu mövzusunda aparılan müzakirələrə münasibət bildirib.

O, Trend-ə müsahibəsində qeyd edib ki, imtahan proqramları artıq çap olunub və yaxın vaxtlarda model testlərin də nəşri nəzərdə tutulur. Lakin buna baxmayaraq, bu proqramların dərsliklərlə nə dərəcədə uzlaşdığı və kurikulumla əlaqəsinin necə qurulduğu barədə ciddi müzakirələr aparılmır.

M.Abbaszadə diqqətə çatdırıb ki, bu mövzuların məhz imtahan ərəfəsində gündəmə gətirilməsi təsadüfi deyil:

“Biz istəyirik ki, bu məsələlər öncədən açıq şəkildə müzakirə olunsun. Amma nədənsə belə müzakirələr həmişə imtahan ərəfəsində və ya imtahandan bir gün sonra başlayır. Bu, bəzi şəxslərin diqqət mərkəzində qalmaq cəhdidir. Nəsə baş verən kimi, az qala, ütünü qoşanda, soyuducunu açanda belə ‘təhsil eksperti’ adı ilə biri çıxıb Dövlət İmtahan Mərkəzinin fəaliyyəti haqqında fikir bildirir”.

DİM sədri vurğulayıb ki, məqsəd imtahanlarla bağlı sağlam və vaxtında aparılan müzakirələrin təşviq olunmasıdır, emosional və gecikmiş reaksiyalar isə problemin həllinə töhfə vermir.