Azərbaycan.media xəbər verir ki, mütəxəssislər sarıkök tərkibli qida əlavələrinin 2–3 aydan artıq fasiləsiz qəbul edilməsini tövsiyə etmirlər. Sağlamlıq üçün faydalı hesab edilən sarıkökün orqanizmdə qalma müddəti və təsir mexanizmi bir sıra amillərdən asılıdır.
Araşdırmalara görə, sarıkökün əsas aktiv maddəsi olan kurkumin adətən orqanizmdə 1–2 gün qalır. Lakin onun bədəndə qalma müddəti qəbul forması, dozası və fərdi biokimyəvi xüsusiyyətlərə görə dəyişə bilər.
Sarıkökün orqanizmdə qalmasına təsir edən amillər:
Qəbul forması: Sarıkök krem və sabun kimi dəriyə çəkilən preparatlar, həmçinin kapsul, çeynənən əlavələr, tinktura və ya ədviyyat formasında istifadə oluna bilər.
Doza: Gündəlik doza adətən 100–1000 mq arasında dəyişir. Daimi qəbul zamanı mütləq həkim məsləhəti vacibdir.
Metabolizm: Yaş, sağlamlıq vəziyyəti, cins və çəki kimi faktorlar kurkuminin parçalanma və xaricolma müddətinə təsir edir.
Mənimsənməni artıran maddələr:
Sarıkök təkbaşına çətin sorulur. Lakin qara istiotda olan piperin kurkuminin mənimsənməsini 2000 faizdən çox artıra bilir. Bundan başqa, yağlı qidalarla (balıq, qoz-fındıq, avokado və s.) birlikdə qəbul edildikdə təsiri güclənir.
Qəbul tezliyi:
Artrit və iltihab hallarında mütəxəssislər gündə iki dəfə 500 mq kurkumin qəbulunu tövsiyə etsələr də, bu əlavələrin uzun müddət fasiləsiz istifadəsi məsləhət görülmür. Optimal müddət 2–3 ay hesab olunur.
Sarıkökün faydaları:
Sarıkök güclü antioksidant və iltihab əleyhinə təsiri ilə seçilir. O, artrit, allergik rinit, depressiya, qanda yağ səviyyəsinin yüksəlməsi, kimyaterapiyaya bağlı ağız yaraları və qaraciyər piylənməsi kimi hallarda faydalı ola bilər.
Mümkün yan təsirlər:
Əksər hallarda yaxşı tolere edilsə də, yüksək dozada qəbul zamanı ürəkbulanma, ishal, mədə pozğunluğu, qusma və turşu qayıtması kimi yüngül yan təsirlər müşahidə oluna bilər.
Mütəxəssislər sarıkök əlavələrinin qəbulundan əvvəl və uzunmüddətli istifadə zamanı həkimlə məsləhətləşməyi tövsiyə edirlər.
