🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Sahibə Qafarova bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı qeyd edilib, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti önə çəkilib. Bu kontekstdə Prezident İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycana səfəri və dövlət başçısı ilə keçirdiyi görüşün ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Görüşdə iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər istiqamətləri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda humanitar və mədəni əməkdaşlığın xalqları bir-birinə yaxınlaşdıran mühüm amil olduğu qeyd edilib.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılaraq, parlament diplomatiyasının rolu xüsusi vurğulanıb. Sahibə Qafarova 2024-cü ilin aprelində Monteneqroya rəsmi səfərini və bu çərçivədə keçirilən yüksək səviyyəli görüşləri xatırladıb, qanunverici orqanlar arasında təmasların, qarşılıqlı səfərlərin və parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini qeyd edib. Profil komitələr arasında təcrübə mübadiləsinin və beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi də vurğulanıb.

Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib, sıx siyasi dialoqu yüksək qiymətləndirib. O, Milli Məclis sədrinin ötən il Monteneqroya səfərinə görə təşəkkürünü ifadə edərək, bu səfərin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Ervin İbrahimoviç 2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu xatırladıb, turizm sahəsinin dövlətlərarası əlaqələrin inkişafında xüsusi yer tutduğunu və bu istiqamətdə əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayıb.