🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəki-Zaqatala Regional Təhsil İdarəsi “Zəfər” Elm Müsabiqəsinin Qaliblərini Mükafatlandırıb

Azərbaycan.media xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan “Zəfər” elm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, müsabiqədə fərqlənən şagirdlər, onların təhsil aldığı məktəblərin rəhbərləri və fənn müəllimləri iştirak ediblər.

Regional İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər müsabiqənin şagirdlərin intellektual inkişafına, yaradıcı təfəkkürünün formalaşmasına və elmi fəaliyyətə maraqlarının artırılmasına verdiyi töhfəni vurğulayıblar, qalibləri nailiyyətlərinə görə təbrik edib və onlara növbəti müsabiqələrdə uğurlar arzulayıblar.

Müsabiqə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi və yaradıcı təfəkkürü ilə seçilən istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə təşkil edilib. Nəticələrə əsasən, 20 şagird birinci, 27 şagird ikinci, 48 şagird isə üçüncü yeri tutub. Qaliblərə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin diplomları və Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələri tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.