🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şəmkir Məktəbinin Keçmiş Direktoru İşdən Azad Olmasını Məhkəməyə Verib

Azərbaycan.media xəbər verir ki, Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin işdən çıxarılan direktoru Rəfiqə Məmmədova vəzifədən azad edilməsini əsassız hesab edərək məhkəməyə müraciət edib.

Publika.az-ın Teleqraf-a istinadən məlumatına görə, R.Məmmədova Qazax–Tovuz Regional Təhsil İdarəsinə qarşı işə bərpa, məcburi iş buraxmaya görə itirilmiş əməkhaqqının ödənilməsi və mediasiya xərclərinin tutulması tələbini irəli sürüb.

İddiaya əsasən, onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında ləğv edilib. R.Məmmədova ərizəsində fəaliyyətini 1980-ci ildən başladığını, 2012-ci ildən isə sözügedən məktəbin direktoru olduğunu bildirib. O, heç vaxt intizam tənbehi almadığını, dəfələrlə mükafat və fəxri fərmanlarla təltif olunduğunu, həmçinin Mərkəzi Seçki Komissiyasının Şəmkir şəhəri üzrə 102 saylı seçki dairəsinin 13-cü məntəqəsinin sədri vəzifəsini 10 ildən artıq icra etdiyini qeyd edib.

R.Məmmədova iddia edib ki, yoxlamalar zamanı irad kimi göstərilən hallar əsassız olub. O bildirib ki, I sinfə qəbul edilən şagirdlərin valideynləri elektron ərizə ilə müraciət edib və dərsə davamiyyət qənaətbəxş olub. Buna baxmayaraq, həmin sinfin bağlanması və şagirdlərin məktəbdən uzaqlaşdırılması tələb olunub. Keçmiş direktor vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən, 9 illik təhsil icbaridir və davamiyyəti olan şagirdlərin məktəbdən kənarlaşdırılması qanunsuzdur.

O həmçinin qeyd edib ki, işdən azad olunmazdan əvvəl səhhəti ilə əlaqədar xəstəxanada müalicə alıb və müalicə dövrünü təsdiqləyən tibbi arayışları cavabdeh quruma təqdim edib. Direktor səlahiyyətləri həmin müddətdə müavin Zülfiyyə Əhmədovaya verilib. R.Məmmədova hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan kobud pozuntu hallarına yol verməyib.

Qazax–Tovuz Regional Təhsil İdarəsinin yoxlamalarında isə bəzi siniflərdə dərsə davamiyyətin zəif olduğu aşkarlanıb. Məsələn, 9c sinfində 18 şagirddən 8 nəfər, 11a sinfində 30 şagirddən 5 nəfər, 11c sinfində 26 şagirddən 3 nəfər dərsdə iştirak etməyib.

Birinci instansiya məhkəməsi keçmiş direktorun şikayətini təmin etməyib, apelyasiya şikayəti də nəticəsiz qalıb.