Azərbaycan.media xəbər verir ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda Si Cinpin Prezident İlham Əliyevə səmimi təbriklərini və xoş arzularını çatdıraraq, Çin–Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin məqsədyönlü rəhbərlik nəticəsində sürətlə inkişaf etdiyini bildirib. O qeyd edib ki, iki ölkə arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, faydalı əməkdaşlıq genişlənir və beynəlxalq müstəvidə birgə fəaliyyət uğurla davam etdirilir.
Məktubda vurğulanıb ki, cari il ərzində dövlət başçılarının iki dəfə görüşü baş tutub və bu görüşlər zamanı əldə olunmuş mühüm razılaşmalar hazırda səmərəli şəkildə icra edilir.
Si Cinpin Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə xalqlarının rifahı naminə hərtərəfli əməkdaşlıqda yeni nəticələr əldə etmək üçün Prezident İlham Əliyevlə birgə çalışmağa hazır olduğunu bildirib.
Sonda Çin Xalq Respublikasının Sədri Prezident İlham Əliyevə möhkəm cansağlığı və firavanlıq arzulayıb.
