Azərbaycan.media xəbər verir ki, ölkə üzrə şəkərli diabet xəstəliyi ilə bağlı 343 349 nəfər dispanser qeydiyyatındadır.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, vətəndaşlar 26 adda dərman vasitəsi — şəkərsalıcı oral hipoqlikemik preparatlar, insulin analoqları və insan insulinləri ilə yanaşı, qanda şəkərə nəzarət vasitələri ilə təmin olunurlar. Eyni zamanda, 103 uşaq üçün insulin pompasının məsrəfləri dövlət tərəfindən qarşılanır.
Vüqar Qurbanov bildirib ki, sözügedən dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə, həmçinin Bakı şəhəri üzrə 27 imtiyazlı aptekə paylanır.
Onun sözlərinə görə, 2024-cü ildə ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə 3–15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz edilib və bu təminat 2025-ci il ərzində də davam etdirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 60%-i, yəni təxminən 1300 nəfər sözügedən cihazlarla təmin olunub.
