🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qışa hazırlığın ən faydalı mürəbbələri – moruq, heyva və zoğalın şəfaverici təsiri

Azərbaycan.media xəbər verir ki, yay aylarında evdar xanımların qışa hazırlıq məqsədilə tədarük etdiyi mürəbbələr arasında moruq, heyva və zoğal mürəbbəsi xüsusilə şəfaverici xüsusiyyətləri ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu mürəbbələr orqanizm üçün faydalı olsa da, xroniki qaraciyər və öd kisəsi xəstəliyi olan şəxslərə onlardan az istifadə etmək tövsiyə olunur.

Moruq mürəbbəsi ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayan C vitamini ilə zəngindir. Aparılan araşdırmalar gündəlik C vitamini qəbulunun infarkt və insult kimi ürək-damar problemlərinin riskini azaltdığını göstərir. Moruq mürəbbəsi immun sistemini möhkəmləndirir, vitamin çatışmazlığının qarşısını alır, iltihab və mikroblara qarşı təsir göstərir, həmçinin hərarətin salınmasına kömək edir.

Heyva mürəbbəsi isə həkimlər tərəfindən xüsusilə vərəm xəstələri üçün tövsiyə olunur. Bu mürəbbənin ürək-damar sistemi və qalxanvari vəz üçün faydalı olduğu bildirilir. Norveçli alimlərin apardığı tədqiqatlara əsasən, heyva mürəbbəsi xərçəng əleyhinə xüsusiyyətlərə malikdir və bədxassəli şiş hüceyrələrinin çoxalmasının qarşısını ala bilir. Təbii antibiotik sayılan heyva qanı təmizləyir, orqanizmi yoluxucu xəstəliklərdən qoruyur, bağırsaqları təmizləyir və həzm sistemini yaxşılaşdırır.

Soyuqdəyməyə qarşı ən təsirli vasitələrdən biri isə zoğal mürəbbəsi hesab olunur. C vitamini ilə zəngin olan zoğal təkcə soyuqdəymənin qarşısını almır, eyni zamanda damarları möhkəmləndirir, onların elastikliyini qoruyur, böyrək daşı xəstəlikləri zamanı faydalı təsir göstərir. Sidik yollarının iltihabı zamanı zoğal və onun yarpaqları sidikqovucu və iltihab əleyhinə vasitə kimi istifadə edilir. Ümumilikdə zoğal iltihab, bakteriya və viruslara qarşı güclü təsirə malikdir.

Mütəxəssislər mürəbbələrin bu şəfaverici xüsusiyyətlərini nəzərə alaraq, onları normada və mütəmadi şəkildə istifadə etməyi tövsiyə edirlər.