Azərbaycan.media xəbər verir ki, həddindən artıq fruktoza qəbulu qaraciyər üçün ciddi təhlükə yarada bilər. Yeni elmi araşdırmaya görə, fruktoza tərkibli içkilər və qidalar normal hallarda qaraciyərin zədələnməsinin qarşısını almaq üçün mədə-bağırsaq sistemi və bağırsaqlar tərəfindən parçalanır və şəkər bu orqana çatmadan əvvəl emal olunur.
Bu nəticələr Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri tərəfindən aparılan tədqiqat zamanı əldə edilib.
Lakin alimlər bildirir ki, fruktoza qısa müddət ərzində həddindən artıq miqdarda qəbul edildikdə bu qoruyucu mexanizm pozula bilər. Nəticədə “sızmalar” yaranır və fruktoza birbaşa qaraciyərə keçərək piylənməyə səbəb olur.
Araşdırmalar göstərir ki, orqanizmə çox miqdarda fruktoza daxil olduqda, onun artıq hissəsi yağ əmələ gətirmək üçün istifadə edilir. Bu isə həddindən artıq fruktoza qəbul edən insanlarda alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini artırır.
Alimlərin qənaətinə görə, fruktozanın içkilər vasitəsilə qəbulu bütöv yemək şəklində qəbul edilməsindən daha təhlükəlidir. Xüsusilə fruktoza tərkibli böyük bir porsiyanın qısa müddətdə qəbul edilməsi, eyni miqdarın 45 dəqiqə ərzində kiçik porsiyalarla qəbul olunması ilə müqayisədə daha yüksək risk yaradır.
