Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) 50 illiyi münasibətilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin bir qrup əməkdaşı təltif olunub.
Təltif edilənlər arasında AMİU-nun dosenti Salatın Əhmədova da var. O, “Tərəqqi” medalına layiq görülüb.
Modern.az-ın məlumatına görə, Salatın Əhmədova Bakı Metropoliteninin sabiq rəisi mərhum Tağı Əhmədovun həyat yoldaşıdır. O, ədəbiyyatşünasdır və filologiya üzrə fəlsəfə doktoru ixtisasına malikdir. Hal-hazırda AMİU-da Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Tağı Əhmədov 2016-cı ildən 2024-cü ilin fevralına qədər AMİU-nun Nəqliyyat fakültəsində Nəqliyyat və Logistika kafedrasının müdiri olub. O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsini tutub və 2024-cü ilin oktyabrında vəfat edib.
