Azərbaycan.media xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-a müsahibəsində Rusiya və İranın Azərbaycan–Ermənistan sülh prosesi, eləcə də Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı son açıqlamalarını dəyərləndirib.
Zülfüqarov bildirib ki, Moskva və Tehranın əsas məqsədi bölgədə gedən proseslərdə yer almaqdır:
“Onlar müxtəlif bəhanələrlə həm proseslərə qoşulmaq, həm də ABŞ-ın bölgədə sülh və kommunikasiyaların açılması ilə bağlı təşəbbüslərinə şərik çıxmaq istəyirlər. Amma bunun hansı formada ediləcəyi ilə bağlı hələ yollar axtarırlar. Burada bir çox məsələ Ermənistanın mövqeyindən asılıdır”.
Politoloqun sözlərinə görə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı irəli sürdüyü iddialar əsassızdır:
“Kremlin iddiasına görə, Zəngəzurda mövcud olmuş dəmir yolu şəbəkəsi onlara məxsusdur. Bu, həqiqətdən uzaq yanaşmadır. Çünki dəhlizin Mehri hissəsi Azərbaycan ərazisidir və Ermənistanın bu ərazini kiməsə verməsi qeyri-qanunidir”.
Zülfüqarov qeyd edib ki, Rusiya bölgədə təhlükəsizliyi təmin edən tərəf kimi çıxış etməyə çalışır və bu arqumentlə Zəngəzur dəhlizində də təhlükəsizliyi rus əsgərlərinin təmin etməli olduğunu iddia edir:
“Bu məsələ əslində ABŞ və Ermənistan arasında müzakirə olunmalıdır. Kremlin mövqeyi ondan ibarətdir ki, ABŞ bu məsələdə Rusiya ilə də danışıqlar aparsın”.
Azərbaycanın mövqeyinə toxunan politoloq vurğulayıb ki, rəsmi Bakının ciddi hüquqi və tarixi arqumentləri var:
“Zəngəzurdan keçən dəmir yolu xətti Azərbaycan dövlətinin balansında olub. Almatı razılaşmasının əlavələrinə görə, bu cür mülklər Azərbaycana məxsus formada saxlanılmalı idi”.
O, beynəlxalq presedentlərin də mövcud olduğunu bildirib və Latviyada Belarusa məxsus sanatoriya nümunəsini xatırladıb.
Zülfüqarov əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı 8 avqust razılaşması layihə xarakteri daşıyır və müxtəlif texniki yanaşmalar mümkündür:
“Ancaq yolun keçdiyi ərazi anlayışı var. Tarixi faktlar Azərbaycanın mövqeyini gücləndirir. Vaxtilə Zəngəzurdan Naxçıvana gedən qatarların işçiləri Azərbaycan dövlətindən maaş alırdı. Sonradan işğal nəticəsində bu dəmir yolu Ermənistanın nəzarətinə keçdi”.
Onun sözlərinə görə, Rusiya əsassız arqumentlər irəli sürərsə, Azərbaycan buna qarşı tarixi və hüquqi faktlarla cavab vermək imkanına malikdir.
