🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tarixi fakt: Erməni terrorçusu Varsenika Kasparovanın Stalinə sui-qəsd planı

Azərbaycan.media xəbər verir ki, tarixçi Zaur Əliyev uzun müddət gizlədilmiş bir tarixi faktı diqqətə çatdırıb. O bildirib ki, erməni terrorçu qadın Varsenika (Varvara) Cavadovna Kasparova SSRİ rəhbəri İosif Stalini öldürmək əmri almışdı.

Kasparova 1888-ci ildə Şuşada anadan olub. 1904-cü ildə bolşevik hərəkatına qoşulan Kasparova, Stepan Şaumyanın dəstəsində fəaliyyət göstərib. 1917-ci ilə qədər həyat yoldaşı Vladislav Minasoviç Kasparov ilə birlikdə xaricdə yaşayıb, Cenevrədə partiya işlərində iştirak edib və Leninlə əməkdaşlıq edib.

Vətəndaş müharibəsi dövründə, 1918–1919-cu illərdə, Qırmızı Ordunun mərkəzi siyasi orqanı olan Ümumrusiya Hərbi Komissarlar Bürosunun Təbliğat və Maarif şöbəsinə rəhbərlik edib. 1920-ci ilə qədər isə o, İosif Stalinin katibi vəzifəsində çalışıb.

20 iyul 1936-cı ildə Moskvada NKVD tərəfindən həbs edilən Kasparova, terror təşkilatında iştirakda ittiham olunub. Dindirmə zamanı o, xaricdən dəstək aldığını, hədəfinin Stalin və digərləri olduğunu və bu əmrin erməni kilsəsi tərəfindən dəstəkləndiyini etiraf edib.

10 aprel 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən 10 il həbs və 5 il müddətinə seçki hüququndan məhrum edilmə cəzasına məhkum edilərək Oryol Həbsxanasına göndərilib.

Lakin 8 sentyabr 1941-ci ildə Kasparovaya qarşı yeni ittiham irəli sürülüb. İkinci Dünya müharibəsi zamanı o, antisovet təbliğatında iştirak edib, faşizmə dəstək göstərmiş və erməni legionunu yaradan Nijde ilə əlaqə qurmuşdur. Faşizmə xidmət edən erməni millətçiləri “böyük erməni dövləti” ideyasını irəli sürmüşdü.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Arxivindəki sənədlərdə qeyd olunur ki, 1942-ci ilin avqustunda Rostov-Donun işğalı zamanı erməni millətçiləri Hitler tərəfindən Sovet hakimiyyətinə qarşı mübarizə aparmaq üçün Qafqazdan legionlar təşkil etmək səlahiyyəti almışdılar.

SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası Kasparovanı qiyabi mühakimə edib və Oryol Həbsxanasında saxlanan məhbusa qarşı ölüm hökmü 11 sentyabr 1941-ci ildə icra olunub.