🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Göyçayda Ustad Tarzən Rövşən Zamanovun Xatirə Gecəsi və “Tarın Məcnunu” Kitabının Təqdimatı  Keçirildi

Azərbaycan.media xəbər verir ki, dekabrın 13-də Göyçay Mədəniyyət Mərkəzində ustad tarzən Rövşən Zamanovun xatirə gecəsi və onun haqqında Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, yazıçı Südabə Sərvinin yazdığı “Tarın Məcnunu” kitabının geniş təqdimatı keçirilib.

Tədbir Göyçay Rayon İcra Aparatının, Göyçay Mədəniyyət Mərkəzinin, Mərkəzi Aran Regional Mədəniyyət Nazirliyinin Göyçay üzrə nümayəndəsi Mirtalıb Mustafayev və mərhum tarzənin oğlu Mürsəl Zamanovun təşkilatçılığı ilə yüksək səviyyədə reallaşıb. Məclisi şair-publisist Adil Məmməd və yazıçı Südabə Sərvi idarə ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından dövlət himni səsləndirilib. Daha sonra ustad tarzən Rövşən Zamanovun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə Rövşən Zamanovun yaxın dostları – Xalq artistləri Möhlət Müslümov və Ağasəlim Abdullayev, Mahmud Əliyev, tanınmış jurnalist və “Ədalət” qəzetinin baş redaktor müavini Məzahir Əhmədoğlu, Göyçay Rayon İcra Hakimiyyətinin müavini Zivər Zeynalova, Mədəniyyət Mərkəzinin direktor əvəzi Gülçin Babayeva, Azərbaycan Yazıçılar Birliyinin Ağdaş filialının sədri şair Fəxrəddin Əsəd və digər qonaqlar çıxış edərək həm kitab, həm də ustad tarzən haqqında xatirələrini bölüşüblər. Onlar vurğulayıblar ki, Rövşən Zamanovun xatirəsi daim yaşayacaq.

Göyçay Mədəniyyət Mərkəzinin, Rövşən Zamanovun keçmiş direktor olduğu Göyçay Uşaq Musiqi Məktəbinin, eləcə də Bakıdan gələn ustad xanəndələr Sabir Abdullayev və Valid Abdullayevin ifaları tədbir iştirakçılarının qəlbini fəth edib. Musiqi məktəbinin müəllimi, ustad tarzənlə çiyin-çiyinə çalışmış Afət Məmmədova bildirib ki, Rövşən müəllimin unudulmaz xatirəsi həmişə qəlblərdə yaşayacaq.

Tanınmış rəssam Ehtiram Kərimovun Rövşən Zamanovun portretini təqdim etməsi böyük maraqla qarşılanıb.

Rövşən Zamanovun ailəsi adından böyük oğlu Elşən Zamanov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Südabə Sərvi isə qeyd edib:
“Mənim üçün şərəfdir ki, Rövşən Zamanov haqqında ilk kitabı mən yazmışam.” O, kitabın hazırlanmasında əməyi keçən şəxslərə, dostlarına və oğlu Mürsəl Zamanova təşəkkürünü bildirib.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Mənbə: Azərbaycan.media