🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Şirməmməd Hüseynov – milli mətbuat tariximizin yorulmaz tədqiqatçısı

Azərbaycan.media xəbər verir ki, bu gün Azərbaycan mətbuatının görkəmli tədqiqatçısı, mərhum professor, Əməkdar jurnalist Şirməmməd Hüseynovun doğum günüdür. O, Azərbaycan jurnalistikasının tarixinə, xüsusilə də milli mətbuatın formalaşma mərhələlərinin öyrənilməsinə ömrü boyu misilsiz töhfələr verib.

Şirməmməd Hüseynovun elmi fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti və Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqində mühüm yer tutur. Onun araşdırmaları milli ictimai fikir tarixinin elmi əsaslarla öyrənilməsi baxımından əvəzsiz mənbə hesab olunur.

Modern.az-ın görkəmli alimə həsr etdiyi materialda professor, “Şirməmməd Hüseynov mükafatı”nın laureatı Qulu Məhərrəmli və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ustad alimlə bağlı xatirələrini bölüşüblər.

Qulu Məhərrəmli bildirib ki, Şirməmməd Hüseynov Azərbaycan ictimai fikir tarixini sistemli şəkildə araşdıran nadir tədqiqatçılardan biri olub:
Onun araşdırmaları sayəsində Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli və Ömər Faiq Nemanzadə kimi tarixi şəxsiyyətlərin irsi elmi dövriyyəyə daxil edilib.

Professor vurğulayıb ki, Şirməmməd Hüseynovu fərqləndirən əsas cəhət onun jurnalistikanı yalnız nəzəri deyil, həm də praktik sahə kimi dərindən bilməsi idi. Qəzet redaktoru və müxbir kimi fəaliyyəti ona mətbuatın bütün mərhələlərini real həyat təcrübəsi ilə dərk etməyə imkan verib.

Qulu Məhərrəmlinin sözlərinə görə, Şirməmməd Hüseynov faktiki olaraq bir elmi institutun görə biləcəyi işi təkbaşına həyata keçirib. Xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətinə həsr etdiyi üçcildlik əsər bu gün də etibarlı tarixi mənbə kimi qiymətləndirilir. O, həmçinin Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində uzun illər dekan və kafedra müdiri kimi çalışaraq güclü elmi-pedaqoji məktəb yaradıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə Şirməmməd Hüseynovun “525-ci qəzet”lə bağlı fəaliyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, ustad alim redaksiyaya hər gəlişi ilə əsl bayram ovqatı yaradır, mətbuat tariximizlə bağlı yeni və dəyərli faktları üzə çıxarırdı. Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəylinin dərc olunmamış əsərlərinin ilk dəfə məhz “525-ci qəzet”də çap olunması da Şirməmməd Hüseynovun xidmətləri sırasında yer alır.

Rəşad Məcid qeyd edib ki, Şirməmməd Hüseynovun zəhmətkeşliyi, dəqiqliyi və milli dəyərlərə bağlılığı jurnalistlər üçün əsl örnək idi:
“Ustadımızın yoxluğu böyük boşluq yaratsa da, onun zəngin irsi və nurlu xatirəsi daim yaşayacaq”.

Xatırladaq ki, Şirməmməd Hüseynov ömrünü milli mətbuatın, Azərbaycan tarixinin və ictimai fikir irsinin araşdırılmasına həsr etmiş, ardında gələcək nəsillər üçün dəyərli elmi miras qoymuş böyük ziyalı kimi yadda qalıb. Allah rəhmət eləsin.