Azərbaycan.media xəbər verir ki, Ukraynada hökumət rəhbəri və hökumət üzvləri — nazirlər və komitə sədrləri istefa verməzdən və ya vəzifədən azad edilməzdən əvvəl parlament qarşısında hesabat təqdim edəcəklər.
Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı qanun layihəsi dekabrın 17-də Ali Radanın iclasında qəbul olunub.
Qanuna əsasən, nazirlərin vəzifəyə təyin edilməsi və vəzifədən azad olunması ilə bağlı yenilənmiş prosedur tətbiq ediləcək. Belə ki, bundan sonra müvafiq şəxs əvvəlcə komitə iclasında, daha sonra isə Ali Radanın plenar iclasında şəxsən iştirak etməli olacaq. Onun vəzifədən azad edilməsi məsələsinə baxılarkən isə görülmüş işlər barədə deputatlar qarşısında hesabat verməsi tələb olunacaq.
Yeni qaydanın hökumət üzvlərinin fəaliyyətinə parlament nəzarətini gücləndirəcəyi bildirilir.
