🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tanınmış qiraətçi Nadir Hüseynovun ölümü ilə nəticələnən qəzanın təfərrüatları açıqlanıb

Azərbaycan.media xəbər verir ki, tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynovun vəfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

Hadisə paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verib. İlkin məlumata əsasən, Nadir Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobildə hərəkətdə olarkən qəflətən halı pisləşib və ürək tutması keçirib. Nəticədə avtomobil aşağı sürətlə yaxınlıqdakı dayanacağa çırpılıb.

Hadisə zamanı dayanacaqda gözləyən qadın yüngül xəsarət alıb və ona tibbi yardım göstərilib.

TƏBİB-dən  bildirilib ki, 14 dekabr 2025-ci il tarixində saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb edilib və Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb. Qəza nəticəsində xəsarət alan qadın travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Qeyd edək ki, Nadir Hüseynovun vəfatı barədə ilkin məlumatı aktyor Nofəl Vəliyev verib. Onun sözlərinə görə, qiraətçinin sükan arxasında ürəyi dayanıb və avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Xatırladaq ki, Nadir Hüseynov 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Uzun illər müxtəlif televiziya verilişlərinin, yubileylərin və rəsmi tədbirlərin aparıcısı kimi çıxış edib, xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi geniş tanınıb.

O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin.